Fərqli uşaqların müəllimi: “Əvvəl oturub-durmağı da bacarmırdı, sonra...” - FOTO

Sağlam uşaq sağlam gələcək deməkdir. Təbii ki, hər bir valideyn övladının sağlam olmasını istəyir. Amma elə uşaqlar da var ki, onların sağlamlıqla bağlı müəyyən problemləri olur, dünyaya qüsurlu olaraq gəlirlər. Buna baxmayaraq, onlar cəmiyyətdən təcrid olunmur, xüsusi təhsil və tədris məktəblərində təhsilə cəlb olunurlar. Belə məktəblərdən biri də Bakıda yerləşən 3 saylı xüsusi təhsil məktəbidir.

 

Məktəbin ibtidai sinif müəllimi Rəna İmaməliyeva Ailem.az-a dərs dediyi məktəb və şagirdlər haqqında danışıb. Rəna xanım 15 ildir, bu məktəbdə müəllim işləyir. İndiyə kimi yüzlərlə şagirdi olub. Müəllimə deyir ki, normal məktəblərdən fərqli olaraq onlarda uşaqları 7 yaşından məktəbə götürürlər: “Bizə qüsuru olan uşaqlar müraciət edir. Belə məktəblər bir çox yerdə var, amma bizim məktəbin şəraiti, təhsil sistemi daha yaxşı olduğu üçün bizdə uşaqlar çoxdur. Məsələn, birinci sinif üçün əvvəl iki sinif açılardısa, indi üç sinif açılır. Bununla yanaşı, evdə təhsil almaq üçün də müraciət edənlər var. Yəni gələ bilməyənlər, məktəbə uyğunlaşa bilməyənlər üçün müəllimlər evə gedib xüsusi olaraq təhsil verir.

Məktəbimiz 10 illikdir. Buranı bitirən uşaqlar peşəyə yönəlirlər. Hətta elə uşaqlar var ki, əl qabiliyyətləri çox gözəldir. Hazırda bir şagirdim var - Şıxəlizadə Dəniz - onun rəsmə, musiqiyə həvəsi çoxdur. O cümlədən burada uşaqlar gözəl xalça toxumağı bacarırlar, taxtadan əl işləri var. Kağızdan gözəl güldanlar, güllər hazırlayırlar. Hətta onlar 3 dekabr - Əlillər gününə həsr edilən tədbirdə o qədər gözəl çıxış etdilər ki...”

 

Rəna müəllimə deyir ki, şagirdlərinin heç birini unutmayıb. Elə şagirdləri var ki, indi də onlarla görüşür: “Hətta şagirdlərim arasında eləsi olub ki, mənə şeir yazıb. Bu uşaqlar tərəfindən yazılan hər sətir mənim üçün çox əzizdir. İllərdir onlarla işləyirəm və ildən-ilə təcrübəm də artır. Bilirsən ki, kimə necə yanaşacaqsan, kiminlə necə davranacaqsan. Cəlal Həşimzadə adlı bir şagirdim vardı, ibtidai sinifdən 10-cu sinfi qurtarana qədər onunla evində məşğul olmuşam. Bu illər ərzində ana-bala kimi olmuşduq. Onda əqli gerilik, yaddaş zəifliyi vardı. Bu 10 ildə Cəlalla çox irəliləyişlər əldə etdik. Bəzi valideyinlər uşaqlarında olan qüsuru görmək istəməyib normal məktəblərə qoymaq istəyirlər. Bir il keçəndən sonra görürlər ki, uşaqları heç nə öyrənə bilmirlər. Sonra etdikləri səhfə görə peşman olub gətirirlər bizim məktəbə. Çünki normal uşaqlarda proqram çətin olur bu uşaqlar da onun öhdəsindən gələ bilmədikləri üçün geriləyirlər və yaxşı oxuyan yoldaşlarının arasında ozlərini narahat hiss edib sıxılırlar. Normal məktəbdə müəllim proqramla 1-2 günə dərsi keçir. Ancaq bizdə fərqlidir. Uşaqların götürmə səviyyəsini nəzərə alaraq yeni dərs keçirik. Çalışırıq ki, onlar keçmiş dərsi tam mənimsəsin ki yeni dərsi keçək. Bizdə sinifdə uşaq sayının az olduğu üçün onların hər birinə daha çox vaxt ayırmaq olur. Bu da onların tez qavramalarına kömək edir. Mənim sinfimdə Eyvazova Xədicə və Şıxəlizadə Dəniz də ikinci sinifdə normal məktəbdən bizim məktəbə gəliblər. Gələn zaman imla yazmağı kitabı üzündən oxumağı belə bacarmırdılar. İndi onlar sinfin əlaçılarıdır. Onlarda olan irəliləyişi görən valideynləri çox sevinib deyirlər yaxşı ki bu məktəbi bizə tanıtdırdılar".

R. İmaməliyeva söyləyir ki, autizmli uşaqlarla işləmək əvvəl çətin olsa da, indi onlarla daha yaxşı ünsiyyət qurmağı bacarır: “Düzdür, əslində indi də onlarla bircə saat belə, işləmək çox çətindir. Xüsusilə də birinci sinif çox çətin olur, ikinci sinifdə onlar nisbətən uyğunlaşırlar. Artıq 3-cü, 4-cü sinifdən sonra biz bir-birimizə elə öyrəşirik ki, heç ayrılmaq istəmirik. Hər gün evə gedəndə mütləq məni öpürlər, xeyir-dua verirlər. Bir şagirdim deyir ki, müəllimə, Allah sizi qorusun! Onların ağzından duyduğum bu duaları eşidəndə elə bilirəm, həqiqətən də Allah məni qoruyacaq”.

 

Müəllim onu da qeyd edir ki, bu cür uşaqlar məktəbi bitirdikdən sonra yalnız peşə məktəbinə gedirlər: “Təəssüf ki, bu uşaqlar ali təhsil səviyyəsində irəliləyə bilmirlər. Amma onlarda əl bacarıqları adi uşaqlardan də yaxşıdır. Həmçinin, musiqiyə, əməyə, rəsmə meylləri daha çox olur. Yəni Allah onlara bu cür gözəl qabiliyyət bəxş edib”. 

LENT

16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017